14:00 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Hürmüz boğazında gəmiyə edilən hücumdan sonra kəskin bahalaşan neft qiymətlərinin yenidən enişə keçməsi və ABŞ-dan gələn müsbət inflyasiya xəbərləri qlobal bazarlarda istiqamət axtarışını sürətləndirib.
ABC.AZ qlobal birja hesabatlarına istinadən xəbər verir ki, ABŞ-da açıqlanan mülayim inflyasiya göstəricilərindən sonra istiqraz investorları Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini artıracağına dair gözləntilərini (pozisiyalarını) azaldıblar. Buna baxmayaraq, "Uoll-Strit"də (Wall Street) texnologiya nəhənglərinin səhmlərində başlayan dalğalanma iqtisadi nikbinliyi kölgədə qoyub.
Bazarlardakı əsas trendlər və korporativ göstəricilər:
"Möhtəşəm Yeddilər" zərərdə: Dünyanın ən böyük 7 texnologiya şirkətinin ("Magnificent Seven") hər biri dəyər itirib. "Mac" və "iPad" qiymətlərini qaldırdıqdan sonra "Apple" ən çox ucuzlaşan səhm olub. "Micron Technology"nin gözləntiləri aşan gəlirliliyi çip istehsalçılarını canlandırsa da, "S&P 500" indeksinin enişinin qarşısını ala bilməyib.
Asiyada ticarət dayandırılıb: Texnologiya sektorundakı satış dalğası Asiya birjalarını son iki həftənin minimumuna endirib. Asiya səhmləri indeksi 2,7% dəyər itirib, texnoloji yönümlü Cənubi Koreyanın "Kospi" indeksi isə 9% çökdüyü üçün birjada əməliyyatlara müvəqqəti fasilə verilib.
"SoftBank"da 13%-lik itki: Tokioda "OpenAI"ın ilkin kütləvi təklifini (IPO) təxirə sala biləcəyi ilə bağlı yaranan narahatlıqlar fonunda "SoftBank Group"un səhmləri 13% ucuzlaşıb.
"UBS Global Wealth Management"in rəsmisi Ulrike Hoffmann-Burchardi investorlara müraciət edərək, bazarda hekayələrin çox tez dəyişdiyini, nağd pulda qalmağın baha başa gəldiyini və riskləri sığortalamaq üçün portfel diversifikasiyasının (çeşidləndirilməsinin) vacib olduğunu vurğulayıb. Hazırda ABŞ fyuçersləri və Avropa birjaları mənfi zonada (satıcılı) hərəkət edir.
25 İyun 2026
24 İyun 2026