14:52 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Avropa Statistika İdarəsinin ("Eurostat") məlumatına əsasən, bu ilin iyun ayında Avrozonada mövsümi amillərdən təmizlənmiş sənaye istehsalı əvvəlki ayla müqayisədə sabit qalıb, illik ifadədə isə 0,1% artıb. Avropa İttifaqı (Aİ) üzrə sənaye istehsalı isə aylıq bazda 0,2%, illik müqayisədə 0,6% yüksəlib.
İyun ayında Aİ ölkələri arasında aylıq ifadədə sənaye istehsalında ən böyük artım Danimarka (+5,4%), Xorvatiya (+5,2%), Litva və Finlandiyada (+2,1%) qeydə alınıb. Ən kəskin geriləmə isə Lüksemburq (-10,7%), Portuqaliya (-3,9%) və Estoniyada (-2,2%) müşahid olunub.
İllik müqayisədə artım üzrə lider Litva (+7,7%), Danimarka (+6,1%) və Polşa (+4,9%), azalma üzrə liderlər isə Lüksemburq (-7,9%), Rumıniya (-5,6%) və Estoniya (-4,6%) olub.
Bundan əlavə, "Eurostat" may ayı üçün əvvəlcə elan etdiyi göstəriciləri müsbət istiqamətdə yeniləyib. Belə ki, Avrozona üzrə aylıq 0,2%-lik eniş 0,3%-lik artımla, Aİ üzrə 0,1%-lik azalma isə 0,3%-lik artımla əvəzlənib. May ayı üzrə illik göstəricilər də dəqiqləşdirilərək Avrozona üçün 1,2%-lik enişdən 0,1%-lik enişə, Aİ üçün isə 0,3%-lik azalmadan 0,6%-lik artıma dəyişdirilib.