İlham Əliyev: Zəngəzur dəhlizi ilə 15 milyon tondan çox yük daşına bilər

10:43 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda böyük iqtisadi canlanmaya səbəb olacaq və dəhliz vasitəsilə 15 milyon ton, bəlkə də daha çox yükün daşınması nəzərdə tutulur.

Bunu Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Prezident vurğulayıb ki, layihənin reallaşması nəticəsində yeni iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək.

Dövlət başçısı bir çox beynəlxalq qurumların və xarici ölkələrin bu marşruta, xüsusilə Azərbaycan Dəmir Yollarının Naxçıvan seqmentinə böyük maraq göstərdiyini diqqətə çatdırıb.

İlham Əliyev qeyd edib ki, maraq göstərən tərəflərdən biri də Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri artıq Naxçıvana ezam olunaraq yerlərdə vəziyyətlə tanış olublar və onlar da bu strateji dəhlizin iştirakçısına çevrilmək niyyətindədirlər.