Qlobal aviasiya sektoru dünya iqtisadiyyatına 4,1 trilyon dollar töhfə verir – IATA Hesabatı

14:46 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) dərc etdiyi “2026-cı il üzrə İllik Qiymətləndirmə Hesabatı”na əsasən, qlobal aviasiya sektoru sərnişin və yük daşımalarında böyüməyə davam edərək iqtisadiyyata verdiyi töhfəni artırır.

Hesabata görə, qlobal aviasiya ekosistemi dünya iqtisadiyyatına 4,1 trilyon dollar həcmində töhfə verir. Sektor birbaşa və dolayısilə 86,5 milyon nəfəri iş yeri ilə təmin edir.

2026-cı ildə aviasiya sektorunun təxminən 5,2 milyard sərnişinə xidmət göstərəcəyi, hava yükdaşımalarının həcminin isə 71,6 milyon tona çatacağı gözlənilir. Səma yolu ilə hər il təqribən 8 trilyon dollar dəyərində məhsul daşınır ki, bu da qlobal ümumi daxili məhsulun (ÜDM) 3,9%-nə bərabərdir.

2025-ci ildə qlobal sərnişin daşımaları əvvəlki illə müqayisədə 5,7% artıb. İl ərzində həyata keçirilən təxminən 40 milyon uçuşla aviasiya ən təhlükəsiz nəqliyyat növü olaraq qalır.

Sektorun inkişafı fonunda geopolitik proseslər, təchizat zəncirindəki axsamalar, təyyarələrin təhvil verilməsindəki gecikmələr və dayanıqlı aviasiya yanacağının (SAF) istehsal gücünün artırılması əsas çağırışlar sırasındadır. 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəfinə çatmaq üçün sahəyə illik təxminən 500 milyon ton SAF yanacağı tələb olunur.

Aviasiyanın milli gəlirə töhfəsinə görə LİDER ÖLKƏLƏR:

  1. ABŞ: 1,3 trilyon dollar

  2. Çin: 253,6 milyard dollar

  3. İspaniya: 172,9 milyard dollar

  4. Böyük Britaniya: 160,7 milyard dollar

  5. Fransa: 144,7 milyard dollar

  6. Almaniya: 142,7 milyard dollar

  7. Yaponiya: 116,4 milyard dollar

  8. İtaliya: 103,6 milyard dollar

  9. Birləşmiş Ərəb Əmirlikləri: 92 milyard dollar

  10. Səudiyyə Ərəbistanı: 90,6 milyard dollar