Türkiyənin vergi rekordçuları bilindi: Selçuk və Haluk Bayraktar 5-ci dəfə zirvədədir

15:01 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Türkiyə Gəlirlər İdarəsi Başqanlığı (GİB) 2025-ci il üzrə fiziki və hüquqi şəxslərin gəlir və mənfəət vergisi liderlərinin siyahısını elan edib.

"Baykar" Şurasının sədri Selçuk Bayraktar (2,99 mlrd. lirə / ~73,8 mln. dollar) və baş direktoru Haluk Bayraktar (2,50 mlrd. lirə / ~61,7 mln. dollar) ödədikləri ümumi 5,49 milyard lirə (~135,5 mln. dollar ) gəlir vergisi ilə 2021–2025-ci illərdə ard-arda 5-ci dəfə Türkiyənin vergi çempionları olublar.

Siyahının ilk onluğunda yer alan digər şəxslər:

  • 3-cü yer: Mustafa Rahmi Koç ("Koç Holding") — 830,8 mln. lirə (~20,5 mln. dollar)

  • 4-cü yer: Mehmet Sinan Tara ("Enka İnşaat") — 676,3 mln. lirə (~16,7 mln. dollar)

  • 7-ci yer: Erman Ilıcak ("Rönesans Holding") — 557,7 mln. lirə (~13,8 mln. dollar)

  • 9-cu yer: Mehmet Cengiz ("Cengiz Holding") — 448,7 mln. lirə (~11,1 mln.dollar)

  • 10-cu yer: Ceyda Lale Tara — 430,3 mln. lirə (~10,6 mln. dollar)

    (5, 6 və 8-ci sırada yer alan şəxslər adlarının açıqlanmasını istəməyiblər).

"Baykar"ın ixracat rekordu

İxracat yönümlü model sayəsində vergi həcmində 2021-ci ildən bəri 18 dəfəyə yaxın artım əldə edən "Baykar" 2025-ci ildə ixracat göstəricisini 2,2 milyard dollara çatdıraraq yeni rekorda imza atıb. SİHA istehsalçısı ümumi gəlirlərinin 90%-dən çoxunu xarici bazarlardan əldə edir və dövlətdən hər hansı güzəşt, stimul və ya sifariş zəmanəti almadan bütün fəaliyyətini öz daxili resursları hesabına maliyyələşdirir. Şirkətdə 8 500-dən çox mütəxəssis çalışır.

Mənfəət vergisinin (Kurumlar Vergisi) lideri — "Ziraat Bankası"

Şirkət və hüquqi şəxslər arasında 2025-ci il üzrə ən çox mənfəət vergisi bəyan edən qurum 70,39 milyard lirə (~1,74 mlrd. dollar) göstərici ilə "Ziraat Bankası" olub. Siyahıda ikinci sırada duran şirkət adının gizli qalmasını istəyib, üçüncü yerə isə 22,91 milyard lirə (~565,3 mln. dollar) vergi ilə "VakıfBank" sahiblənib.