Ceff Bezosun da daxil olduğu konsorsium "Liverpul"un 30%-lik payını almağa yaxındır

22:26 - 14.08.2026


14 avqust, Fineko/abc.az. "Amazon"un təsisçisi Ceff Bezos və "Facebook"un həmtəsisçilərindən olan Eduardu Saverinin yer aldığı investisiya konsorsiumu İngiltərənin "Liverpul" futbol klubunun 30 faizlik hissəsini almaq üzrə razılıq əldə etməyə yaxındır.

"Sky News"un məlumatına görə, konsorsiuma polad maqnatı Lakşmi Mittalın kürəkəni Amit Bhatiya rəhbərlik edir. Kluba sahiblik edən "Fenway Sports Group" (FSG) yaxın günlərdə sazişi rəsmən elan edə bilər.

Sövdələşmə həyata keçərsə, "Liverpul"un ümumi bazar dəyəri təxminən 4,4 milyard funt-sterlinq (5,9 milyard dollar) səviyyəsində qiymətləndiriləcək ki, bu da futbol dünyasında ən yüksək göstəricilərdən biridir.