ABŞ İrana qarşı “İqtisadi Qəzəb” əməliyyatına başlayıb: Vaşinqton hərbi ssenaridən sanksiya təzyiqinə keçir

16:16 - 13.08.2026


13 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası İrana qarşı birbaşa hərbi əməliyyatlardan daha çox iqtisadi təzyiqləri artırmaq strategiyasına üstünlük verir. Vaşinqton sanksiyaları sərtləşdirməklə və neft ixracını məhdudlaşdıran dəniz blokadası tətbiq etməklə Tehran rejimini güzəştə getməyə məcbur etməyi hədəfləyir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts (Mike Waltz) bildirib ki, Maliyyə naziri Skott Bessent tərəfindən idarə olunan "İqtisadi Qəzəb" (Operation Economic Fury) əməliyyatı İran iqtisadiyyatına ağır zərbə vurur. Prezident Tramp da öz növbəsində ölkədəki yüksək inflyasiyanı və maliyyə resurslarının tükənməsini diqqətlə izlədiklərini vurğulayıb.

Öz növbəsində, ABŞ ilə danışıqların iflasa uğramasından sonra İran ordusunda genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Rza Nəqdi Ali Lider Müctəbə Xamenei tərəfindən reallaşdırılan yeni təyinatların ölkənin "hücum doktrinası"na keçdiyini və uzunmüddətli münaqişəyə hazırlaşdığını göstərdiyini bəyan edib.