Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

16:52 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Son illərdə ölkəmizdə dövlət satınalmaları sisteminin daha müasir, rəqəmsal və rəqabətə əsaslanan model üzrə inkişaf etdirilməsi istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (ABİNDA) tərəfindən mühüm addımlar atılır.

Bunu Şamaxıda media nümayəndələri ilə təşkil edilmiş görüşdə AİBNDA sədrinin müavini Mirzə Mirzəyev bildirib.

O qeyd edib ki,  elektron satınalma alətləri genişləndirilir, satınalma proseslərinin daha çevik, optimal təşkili və biznes subyektlərinin bu proseslərdə iştirak imkanlarının artırılması istiqamətində tədbirlər görülür: "Görülən işlərin miqyası dövlət satınalmalarının həcminin artım dinamikasında da özünü göstərir.

Belə ki, 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Xüsusilə dövlət satınalmalarında rəqəmsal transformasiyanın nəticələrini diqqətə çatdırmaq istərdim. Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9% təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir. Müsbət dinamika cari ildə də davam edir. 2026-cı ilin I yarımili ərzində keçirilmiş 3500-ə yaxın elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib. Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub".

Agentlik sədrinin müavini bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaətə toxunaraq vəsaitin həcmini açıqlayıb: "Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7% təşkil edib. Bundan əlavə, dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası satınalma ekosisteminin daha əlçatan, operativ və səmərəliliyinə imkan yaradır. Ötən dövr ərzində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə həyata keçirilmiş inteqrasiyalar bu istiqamətdə atılmış mühüm addımlardandır.
Görülən işlər biznes subyektlərinin dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsinə və proseslərin onlar üçün daha çevik təşkilinə xidmət edir".

Müəllif: Elmir Muradov