Milyarder və investor Bil Akman portfelində son illərin ən böyük yenilənməsini həyata keçirib

06:00 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Məşhur milyarder-investor Bil Akman "Pershing Square" investisiya fondu üçün 6 yeni iri şirkətin — "Netflix", "Visa", "Mastercard", "Alcon", "Intercontinental Exchange" və "S&P Global"ın səhmlərini aldığını elan edib.

Adətən portfelində 10-dan çox şirkət saxlamayan investor üçün bu addım son illərin ən böyük yenilənməsi hesab olunur.

B.Akman bildirib ki, sözügedən şirkətlərin gəlirlərinin yüksək artım potensialı uzunmüddətli dövrdə onların dəyərini artıracaq ana faktor olacaq.

Səhm alışı barədə məlumatların açıqlanmasından sonra həm adı çəkilən şirkətlərin, həm də Nyu-York birjasında cəlb olunan "Pershing Square USA" fondunun səhmlərində artım qeydə alınıb. Milyarderin portfelində yeni şirkətlərlə yanaşı "Microsoft", "Uber", "Meta", "Amazon", "Fannie Mae" və "Freddie Mac" kimi nəhəng korporasiyaların da səhmləri yer almaqdadır.