21:16 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) ümumi rezervlərində iyunun ilk həftəsində müşahidə olunan qısamüddətli artım dinamikası yenidən kəskin azalma ilə əvəzlənib.
ABC.AZ xəbər verir ki, mərkəzi bankın rəsmi məlumatlarına əsasən, 12 iyun ilə bitən hesabat həftəsində TCMB-nin brüt rezervləri 7,3 milyard dollar azalaraq 152,1 milyard dollara düşüb. Bununla da brüt rezervlərin həcmi 2025-ci ilin iyun ayından bəri qeydə alınan ən aşağı səviyyəyə enib. Xatırladaq ki, cari ilin yanvar ayında rezervlər 218 milyard dolları keçərək tarixi zirvəni test etmişdi. Həmin dövrlə müqayisədə rezervlərdəki ümumi itki 66,1 milyard dollara çatıb.
Rezervlərin alt komponentləri üzrə cari vəziyyət:
Xalis rezervlər: 12 iyun həftəsində mərkəzi bankın xalis rezervləri də analoji olaraq 1,8 milyard dollar enişlə 45,1 milyard dollara geriləyib.
Svap (swap) xaric xalis rezervlər: Bu göstəricidə azalma trendi daha məhdud xarakter daşıyıb. Sözügedən hesabat dövründə svap sazişləri nəzərə alınmadan xalis rezervlərin həcmi 29,4 milyard dollardan 29,1 milyard dollara enib.