14:34 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparan “GL Group”, Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4 400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. “Qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha irimiqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək.
Bu həftə “GL Group” həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan edib. Qazma işləri çərçivəsində “GL Group”un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək”, – məlumatda deyilir.
12 Avqust 2026