Azərbaycanın qara kürü ixracı 2,5 dəfə artaraq rekord vurub – Avropa bazarlarına yeni girişlər var

17:22 - 24.08.2026


24 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 905 min ABŞ dolları dəyərində 0,9 ton qara kürü (nərə balığının kürüsü) ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq isə 2,6 dəfə çoxdur.

Məhsulun əsas alıcıları sırasında Rusiya və BƏƏ liderlik edir. Hesabat dövründə Azərbaycanın qara kürü ixrac etdiyi ölkələr və tədarük həcləri aşağıdakı kimi formalaşıb:

  • Rusiya: 168 min dollar (0,2 ton) – keçən il tədarük olunmayıb

  • BƏƏ: 148,6 min dollar (0,15 ton) – dəyərdə 0,6 % azalma, kəmiyyətdə 7 % artım

  • Qətər: 120 min dollar (0,1 ton) – keçən il tədarük olunmayıb

  • ABŞ: 116,7 min dollar (0,2 ton) – dəyərdə 50 %, kəmiyyətdə 42 % artım

  • Rüsumsuz Ticarət Mağazaları (Duty Free): 90,7 min dollar (0,05 ton) – dəyərdə 30 %, kəmiyyətdə 25 % artım

Diqqətçəkən əsas məqamlardan biri isə Avropa coğrafiyasının genişlənməsidir. 2011-ci ildən bəri son 15 ildə ilk dəfə olaraq Azərbaycan qara kürüsü Niderland (47,4 min dollar / 0,05 ton) və İtaliya (3,2 min dollar / 0,01 ton) bazarlarına da tədarük edilib.