23:53 - 6.08.2026
6 avqust, Fineko/abc.az. "Google"un ana şirkəti olan "Alphabet" ABŞ-ın qiymətli kağızlar bazarında 20 milyard ilə 25 milyard dollar arasında istiqraz (təminatsız borc öhdəliyi) yerləşdirməyi planlaşdırır.
Bu addım texnologiya giqantının 2026-cı il üçün kapitallaşma xərclərinin artması proqnozundan sonra səhmlərində baş verən kəskin ucuzlaşmadan bir neçə həftə sonraya təsadüf edir. Nəzarət orqanlarına təqdim edilən sənədlərə əsasən, ödəniş müddəti 2 ildən 40 ilədək dəyişən istiqrazlar 10 müxtəlif hissədə təklif olunacaq.
Böyük texnologiya şirkətləri ("Big Tech") xərcləri sürətlə artan süni intellekt (AI) layihələrini maliyyələşdirmək üçün əvvəllər istifadə etdikləri nağd pul ehtiyatları strategiyasından imtina edərək borclanma bazarlarına üz tuturlar. Təkcə "Amazon", "Alphabet", "Meta" və "Oracle" şirkətləri 2026-cı ilin ilk yarısında 194 milyard dollarlıq istiqraz buraxıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% çoxdur. Cari ildə iri texnologiya nəhənglərinin süni intellektə 730 milyard dollardan çox vəsait xərcləyəcəyi gözlənilir. İrihəcmli investisiyalar şirkətlərin nağd pul axınına artıq təsir göstərib; belə ki, "Alphabet" ikinci rübün yekunlarına görə tarixində ilk dəfə mənfi azad nağd pul axını (Free Cash Flow) qeydə alıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026