BTC ilə indiyədək 4,7 milyard bareldən çox neft nəql olunub 

15:25 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin iyun ayının sonunadək bu marşrutla ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhan terminalında 6 276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.

2026-cı ilin ilk altı ayı ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənərək yola salınıb. İlin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait sərf olunub.

Tarixi bir addım olaraq, 2026-cı il iyulun 1-dən BTC boru kəmərinin, eləcə də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sisteminin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-yə keçib.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan boru kəməri ilə AÇG nefti və "Şahdəniz" kondensatı ilə yanaşı, Qazaxıstan, Türkmənistan və SOCAR-ın digər həcmləri də nəql olunur. BTC Ko. şirkətində SOCAR 32,97%, bp 30,10%, MOL 8,90%, TPAO 6,53%, Eni 5%, TotalEnergies 5%, ITOCHU 3,40%, ONGC Videsh 3,10%, ExxonMobil 2,50% və INPEX 2,50% paya malikdir.