ABŞ-da məhkəmə “Meta” şirkətini 942 milyon dollar məbləğində cərimələyib

21:25 - 7.08.2026


7 avqust, Fineko/abc.az. ABŞ-ın Nyu-Meksiko ştatının məhkəməsi “Meta” korporasiyasının “Instagram” və “Facebook” sosial şəbəkələrində uşaqların psixi sağlamlığını qoruya bilmədiyi və asılılıq yaradan məhsullar təqdim etdiyi üçün əlavə 567 milyon dollar ödənilməsi barədə qərar çıxarıb. Bu məbləğin bir hissəsi gənclərin psixi sağlamlıq fonduna yönəldiləcək.

Davanın mart ayında keçirilən ilk mərhələsində tətbiq olunan 375 milyon dollarlıq cərimə ilə birgə şirkətin ödəyəcəyi ümumi məbləğ 942 milyon dollara çatıb.

Məhkəmə qərarı yalnız maliyyə sanksiyaları ilə bitmir. “Meta”ya 5 il müddətində 18 yaşdan kiçik istifadəçilərin hesablarının böyüklərə təklif olunmaması, böyüklərin yetkinlik yaşına çatmayanlara mesaj göndərməsinin məhdudlaşdırılması, süni intellektlə yaşın təsdiqlənməsi və istifadə müddətinə limit qoyulması öhdəliyi qoyulub.

“Meta” qərardan şikayət edəcəyini bildirsə də, Nyu-Meksikonun Baş prokuroru Raul Torrez bunun sosial media nəhəngini uşaqları qorumağa məcbur edən ilk presedent olduğunu vurğulayıb.