Avropada təbii qaz həyəcanı: Anbarların doluluq səviyyəsi son 15 ilin minimumuna düşüb

17:34 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Avropadakı təbii qaz anbarlarının doluluq səviyyəsi avqustun 5-i vəziyyətinə görə 57%-ə geriləyərək 2011-ci ildən bəri eyni tarix üzrə qeydə alınan ən aşağı səviyyəyə enib.

"Gas Infrastructure Europe" (GIE) məlumatlarına görə, qitədəki qaz anbarlarının yarısından çoxu boşalıb. Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə doluluq həcmi təxminən 70% təşkil edirdi.

2025/2026-cı illərin qış mövsümündən sonra anbarlardakı kəskin azalma yay aylarında bərpa oluna bilməyib. Buna əsas səbəb İran müharibəsindən sonra qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı sıxlıq, qiymətlərin sürətlə yüksəlməsi və Asiya alıcılarının spot LNG yükü üçün Avropadan daha yüksək qiymət təklif etməsidir. Bundan əlavə, Qətərdən LNG tədarükündəki kəsintilər səbəbindən bazarda yaxınmüddətli müqavilə qiymətlərinin uzunmüddətli müqavilələri üstələdiyi "tərs bazar" strukturu yaranıb ki, bu da şirkətləri qazı anbarlara vurmaqdan çəkindirir.

Yaranmış vəziyyət Avropanın dekabrın əvvəlinədək anbarları 80% doluluq səviyyəsinə çatdırmaq hədəfini təhlükə altına alır. "Wood Mackenzie" konsaltinq şirkətinin analitikləri xəbərdarlıq edirlər ki, depolardakı rekord dərəcədə aşağı səviyyələr 2026/2027-ci illərin qış mövsümündə enerji təhlükəsizliyini riski altına qoyur və soyuq hava şəraitində noyabr-mart dövründə qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilər.