Aİ ölkələri ötən il R&D xərclərinə 130 milyard avrodan çox vəsait ayırıb

21:35 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Avropa Statistika İdarəsinin ("Eurostat") məlumatına görə, 2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrinin tədqiqat və işləmələrə (R&D) ayırdığı ümumi dövlət büdcəsi təxsisatları 130,2 milyard avroya çatıb.

Bu göstərici əvvəlki illə müqayisədə 2,4% çoxdur və Aİ üzrə ÜDM-in 0,69%-ni təşkil edir. Son 10 ildə (2015-ci ildəki 81,1 milyard avro ilə müqayisədə) Aİ ölkələrinin R&D-yə ayırdığı dövlət vəsaiti 60,5% artıb.

İttifaq üzrə adambaşına düşən xərc 289 avro təşkil edib. Bu göstərici üzrə lider Lüksemburqtur (917 avro), növbəti yerləri Danimarka (627 avro) və Almaniya (553,5 avro) tutur. Ən aşağı adambaşına xərc isə Rumıniya (18,8 avro), Macarıstan (57,4 avro) və Maltadadır (73,7 avro). 2025-ci il R&D büdcəsində ən böyük payı 37,3% ilə universitet fondları alıb.