15:49 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib. Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.
İlin birinci yarısında CQBK-nın əməliyyat xərcləri təqribən 41 milyon dollar, əsaslı (kapital) xərcləri isə təxminən 19 milyon dollar olub.
Mühüm strateji addım olaraq, 2026-cı il iyulun 1-dən CQBK-nın ümumi operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə keçib.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırır. Boru kəmərinin genişləndirilməsi (CQBKG) sistemi vasitəsilə isə Avropaya kommersiya qazının nəqlinə 2020-ci ilin dekabrında başlanılıb. Cənubi Qafqaz Boru Kəməri şirkətində (CQBKş) sərmayədarlar aşağıdakılardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), "LUKOIL" (19,99%), "TPAO" (19%) və "NICO" (10%).