Səngəçal terminalından 6 ayda 97 milyon barel neft ixrac edilib

14:50 - 6.08.2026


6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında Səngəçal terminalı təxminən 97 milyon barel neft və kondensat ixrac edib. Bu həcmlərin tamamı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunub.

"bp Azerbaijan" şirkətindən bildirilib ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından neft və qazın terminala ötürülməsi fasiləsiz davam edib. İlin ilk 6 ayında terminaldan gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (2 milyard 611 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.

Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə gündəlik təxminən 100 milyon standart kubmetr təşkil edir. Qaz əsasən Cənubi Qafqaz Boru Kəməri və "Azəriqaz"ın şəbəkəsi vasitəsilə nəql olunur.