"Anthropic" "Claude" üçün öz süni intellekt çiplərini layihələndirəcək

22:01 - 5.08.2026


5 avqust, Fineko/abc.az. Süni intellekt giqantı "Anthropic", "Claude" modellərinin performansını artırmaq və çip təchizatında yaşanan çatışmazlıqları aradan qaldırmaq məqsədilə şirkətdaxili çip layihələndirmə komandası yaratdığını təsdiqləyib.

Yeni komanda "Claude" modellərinin müştəri tələbatına uyğun daha sürətli və səmərəli işləməsini təmin edəcək xüsusi çiplərin (custom silicon) hazırlanması ilə məşğul olacaq.

Bu təşəbbüs şirkətin çoxlu çip strategiyasının tərkib hissəsi olsa da, "Anthropic" mövcud tərəfdaşları — Amazon Web Services (AWS), Google, Nvidia və AMD texnologiyalarından istifadəni davam etdirəcəyini bildirib. Layihə üzrə işə qəbul prosesinə başlanılıb.

Sahə ekspertlərinin qiymətləndirməsinə görə, qabaqcıl süni intellekt çipinin işlənib hazırlanması 500 milyon dollara yaxın vəsait tələb edə bilər. Şirkət xüsusi çiplərin istehsal müddəti və harada istehsal olunacağı barədə təfərrüatları hələlik açıqlamayıb.