ARDNF Perunun ən böyük elektrik enerjisi istehsalçısı “Inkia Energy” şirkətinə investisiya yatırıb

12:16 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə aparıcı şirkətlərdən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib.

Məlumata görə, 2026-cı ilin fevral ayında Kanadanın “Canada Pension Plan Investment Board” (“CPPIB”) pensiya fondu “Inkia Energy”nin 50%-lik payını “I Squared”-dən əldə edib. Qalan 50%-lik pay isə ARDNF-nin də daxil olduğu və “I Squared” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.

“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət 2,6 QVt gücündə şaxələndirilmiş portfelə malikdir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22%-ni təmin edir. Şirkət həmçinin əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə sahibdir.

Bu investisiya ARDNF-nin strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir.