"Şahdəniz"dən altı ayda 14 milyard kubmetr qaz hasil olunub — Layihə üzrə xərclər 2,1 milyard dolları keçib

15:32 - 6.08.2026


6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında “Şahdəniz” yatağından — “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə ümumilikdə təqribən 14 milyard standart kubmetr təbii qaz və təxminən 2 milyon ton (15 milyon barel) kondensat hasil edilib.

Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.

Hesabat dövründə yataqdan Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ) bazarlarına, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə və Avropadakı alıcılara qaz nəqli təhlükəsiz şəkildə davam etdirilib. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündəlik təxminən 76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetr təşkil edir.

İlin ilk yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə 1 milyard 394 milyon dollar əməliyyat və 712 milyon dollar əsaslı (kapital) məsrəflər olmaqla, ümumilikdə 2,1 milyard dollardan çox vəsait yönəldilib.

Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), "LUKOIL" (19,99%), "TPAO" (19%), Cənub Qaz Dəhlizi (16,02%), "NICO" (10%) və "MVM" (5%).