Manatın məzənnəsi sabit saxlanılır - Baş nazirin müavini

14:24 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Son 8 ildə ölkədə makroiqtisadi və maliyyə mühiti də gücləndirilib.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Samir Şərifov bildirib.

O qeyd edib ki, manatın məzənnəsi sabit saxlanılır, fiskal vəziyyət yaxşılaşır, valyuta ehtiyatları ölkənin ÜDM-nin 95%-inə çatıb və xarici dövlət borcunu 15 dəfə üstələyir. Baş nazirin müavini həmçinin işgüzar mühitin yaxşılaşdırılması, investorlara əlverişli şəraitin yaradılması istiqamətində görülən tədbirlərdən danışıb. O, bildirib ki, Prezidentin təşəbbüsü ilə yaradılmış Biznes Mühiti üzrə Komissiya biznes icmaları və investorlarla dialoq quraraq vəziyyəti izləyir və zəruri dəyişiklikləri tətbiq edir.

O, Azərbaycanın strateji mövqeyinə də diqqət çəkib: "Azərbaycan hazırda Şərq və Qərb, Şimal və Cənub arasında kəsişmə nöqtəsində yerləşir. Prezident İlham Əliyevin beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində baxışı öz nəticəsini verir. Orta Dəhliz sürətlə inkişaf edir, malların hərəkəti artır və regiondakı bütün ölkələr bundan faydalanır. Xüsusilə Mərkəzi Asiya ölkələri Azərbaycandan keçən alternativ nəqliyyat marşrutlarını dəstəkləyir".