16:17 - 30.07.2025
30 iyul, Fineko/abc.az. Hesablama Palatası “Naxçıvan İpoteka Fondu”nda nöqsanlar aşkar edib.
ABC.AZ-ın məlumatına görə, Palata Fondda 2023-2024-cü illəri əhatə edən uyğunluq auditi keçirib.
Qeyd edilib ki, hər iki ildə “Naxçıvan İpoteka Fondu”na Muxtar Respublika büdcəsindən 2,75 milyon manat vəsait ayrılıb, 2023-cü ildə 1 milyon 543,3 min manat, 2024-cü ildə isə 3 milyon 956,7 min manat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilib. Cəmiyyət 2023-cü ildə adi ipoteka (8%) kreditləşməsinə 1 milyon 31,7 min manat, 2024-cü ildə isə 1 milyon 865,1 min manat vəsait cəlb edb. Cəmiyyətin 2023-cü ildə faiz gəlirlərindən 485,1 min manat, 2024-cü ildə isə 589,2 min manat gəliri olub.
Cəmiyyətin 1 yanvar 2025-ci il tarixə aktiv güzəştli kreditlərin məbləği 11 milyon 605,7 min manat, adi kreditlərin məbləği 7 milyon 63,3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18 milyon 668,9 min manat olub.
Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız “Naxçıvan İpoteka Fondu”nun yığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illik maliyyələşmənin məbləği cəmi orta hesabla 1 milyon manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaş ipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.
12 Avqust 2026