İslam bankçılığının formalaşdırılması tək bizim deyil, bir neçə qurumun işidir - Taleh Kazımov

15:05 - 23.07.2025


23 iyul, Fineko/abc.az. Azərbaycanda İslam bankçılığının tətbiqi üçün ona tələbi müəyyənləşdirməliyik - İslam bankçılığının ölkədə tətbiqi ilə bağlı hər bir detal, risk və s. amillər nəzərə alınmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Bu bank modelinin tətbiqini inanılmaz dərəcədə böyük bir iş hesab edən baş bankir qeyd etdi ki, əvvəlcə, ölkədə İslam bankçılığına tələbatı qiymətləndirməliyik.

O bildirib ki, bu bank modeli üzrə müvafiq qanunvericilik tədbirlərinin formalaşdırılması, araşdırmaların aparılması, təhlillər tək Mərkəzi Bankın deyil, bir neçə qurumun işidir:

"Hazırda Mərkəzi Bank İslam İnkişaf Bankı ilə birlikdə sukuk emissiyası sahəsində əməkdaşlıq aparır. Onun üzərindən qanunvericilik paketi hazırlanır. Həmçinin ümumi İslam bankçılığı üzrə bazarda tələbatın öyrənilməsi üçün "İslam pəncərəsi"nin üzərində çalışırıq. Biz "İslam pəncərəsi"ni yaradırıq ki, cari fəaliyyət göstərən banklar İslam bankçılığına məxsus olan depozit kredit məhsulları təklif etsinlər. Bununla biz bu bank modelə tələbi müəyyənləşdirəcəyik".

Müəllif: Elmir Murad