14:43 - 16.04.2025
16 aprel, Fineko/abc.az. TuranBank ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
ABC.AZ banka istinadla xəbər verir ki, 2025-ci ilin I rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 876 mln. manata çatıb.
Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 15.1 mln. manat artaraq 667 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 366 mln. manat təşkil edib. Bankın depozit portfeli 438 mln. manat, fiziki şəxslərin depozitləri isə 1.7 mln. manat artaraq 369 mln. manat olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.
O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 3.3 mln. manat artaraq 7 mln. manata, faiz gəlirləri 1.7 mln. manat artaraq 23 mln. manata, qeyri-faiz gəlirləri isə 1.5 mln. artaraq 5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I rübünü 1,2 mln manat xalis mənfəətlə başa vurub.
2025-ci il I rübü ərzində TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb.
Bununla yanaşı hesabat dövründə Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.