Qlobal bazarlar: ABŞ istiqrazlarının gəlirliliyi yüksəlib, səhm indeksləri düşüb

10:25 - 21.08.2026


21 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyinin borclanma xərclərini azaltmaq planının yalnız qısamüddətli həll olduğu barədə gözləntilər və enerji qiymətlərinin artması inflyasiya narahatlıqlarını artırıb. Nəticədə istiqrazların yüksəlişi səngiyib, səhm bazarlarında düşüş qeydə alınıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent (Scott Bessent) genişləndirilmiş istiqraz geri alımı və yeni maliyyə planına işarə etsə də, 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,25%-ə yüksəlib, 10 illik istiqrazların gəlirliliyi isə 4,70% səviyyəsində sabitləşib. "S&P 500" indeksi 0,9% dəyər itirib. "Walmart" şirkətinin səhmləri zəif satış göstəricilərinə görə 2022-ci ildən bəri ən kəskin enişini yaşayıb.

Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda neftin qiyməti 88 dollar civarında qapanıb. Bloomberg dollar indeksi 0,2% azalaraq son dörd həftədə üçüncü həftəlik enişinə doğru irəliləyir.

Asiya-Sakit okean regionunda Yaponiya, Avstraliya və Yeni Zelandiya istiqrazları dəyər itirib. Buna baxmayaraq, "MSCI Asia Pacific" indeksi texnologiya sektorunun dəstəyi ilə 0,5% artıb. Cümə günü 79 milyard dollarlıq səhmdar ödəniş paketi açıqlayacağı gözlənilən "Samsung Electronics"in səhmləri 2,8% bahalaşıb.

"IG International" analitiki Fabien Yipin sözlərinə görə, Maliyyə Nazirliyinin addımları investorları uzunmüddətli borclanma xərclərinin nəzarətdə saxlanılacağına tam inandıra bilməyib. Ekspert bildirir ki, birja iştirakçılarının diqqəti artıq "Nvidia"nın maliyyə nəticələrinə və gələn həftə keçiriləcək Cekson Houl  simpoziumuna yönəlib.