Rusiyanın qızıl ehtiyatları 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

11:39 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Rusiyanın qızıl ehtiyatları ilin əvvəlindən bəri təxminən 1,6 milyon unsiyadan azalarak iyulun 31-nə 73,2 milyon unsiyaya enib.

Bununla da ölkənin qızıl ehtiyatları 2020-ci ilin yanvar ayından bəri ən aşağı həddə çatıb. Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, ölkənin qızıl ehtiyatları ilin əvvəlindəki təxminən 74,8 milyon unsiya səviyyəsindən iyulun sonunda 73,2 milyon unsiya geriləyib.

Açıqlanan göstəricilərə görə, ilin ilk yeddi ayında Rusiyanın qızıl ehtiyatları təxminən 2,1% azalıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, ölkənin federal büdcə kəsiri bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 6,5 trilyon rubla (təxminən 79 milyard dollar) yüksəlib.

Son illərdə ölkənin büdcə xərcləri, xüsusilə müdafiə sənayesi istiqamətində əhəmiyyətli dərəcədə artıb. Analitiklər qızıl satışından əldə olunan vəsaitin büdcə kəsirinin maliyyələşdirilməsində istifadə oluna biləcəyini bildirirlər.