15:29 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman keçirdiyi mətbuat konfransında iki ölkə arasında strateji tərəfdaşlıq, enerji keçidi və Cənubi Qafqazda sülh prosesi ilə bağlı vacib bəyanatlar verib.
Səfir bildirib ki, Böyük Britaniya Azərbaycanı regionun təbii nəqliyyat, infrastruktura, maliyyə və məlumat mərkəzi (data-mərkəz) kimi görür. İki ölkə arasında sıx dostluq münasibətlərinin olduğunu vurğulayan diplomat bir çox məsələlərdə eyni mövqeyi bölüşdüklərini və bu əlaqələrin daha da möhkəmlənəcəyini qeyd edib.
Diplomatın sözlərinə görə, "BP" şirkətinin bazara daxil olduğu 30 ildən artıq müddət ərzində enerji sektoru ikitərəfli münasibətlərin təməlini təşkil edib. Hər iki ölkə hazırda təmiz enerji sektoruna investisiya yatırılması və Azərbaycanın bərpa olunan enerji potensialından effektiv istifadə edilməsi istiqamətində tərəfdaşlığı genişləndirir.
Regionda gedən sülh prosesinə toxunan səfir Azərbaycan və Ermənistanın dialoqa əsaslanan dayanıqlı sülh istiqamətində addımlar atdığını bildirib. O, sərhədlərin dəqiqləşdirilməsi, Azərbaycanın Ermənistana enerji tədarükü və "Sülh körpüsü" təşəbbüsü kimi praktiki addımları yüksək qiymətləndirib. Nəqliyyat, enerji və kommunikasiya xətlərinin bərpasının bütün regiona firavanlıq və təhlükəsizlik gətirəcəyi vurğulanıb.
21 Avqust 2026
19 Avqust 2026