Azərbaycan yeni uçuş istiqamətləri açır — Regionlara aşağı büdcəli aviaşirkətlər gəlir

17:33 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində ölkənin mülki aviasiya və turizm imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Proqrama əsasən, 2030-cu ilin sonuna kimi azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların təşkili və mövcud reyslərin intensivliyinin 20% artırılması planlaşdırılır.

Sənəddə həmçinin azı 10 hədəf turizm bazarı üzrə regional rəqib destinasiyalarla müqayisədə rəqabətqabiliyyətli aviabilet qiymətləri səviyyəsinə nail olunması həvalə olunub. Regionlarda yerləşən hava limanlarına beynəlxalq reyslərin və aşağı büdcəli aviaşirkətlərin cəlb olunması üçün hava limanı yığımları, yerüstü xidmətlər və doluluq səviyyəsi üzrə xüsusi təşviq və kompensasiya mexanizmləri tətbiq ediləcək.