YDM-lərdəki şikayətlərlə bağlı monitorinqin nəticələri açıqlandı

11:49 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında istehlakçılardan Yanacaq Doldurma Məntəqələrində (YDM) göstərilən xidmətlər və yanacağın keyfiyyəti ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə ümumilikdə 15 müraciət daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 7-si yanacaq çəninin tutumuna və ya ödənilən məbləğə uyğun olmayan həcmdə yanacağın çənə vurulması, 7-si yanacağın keyfiyyəti, 1-i isə YDM-də məlumatlandırıcı lövhələrin yerləşdirilməsi ilə bağlı olub.

Sözügedən müraciətlərdən 2-i təmin olunub, 4 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.