Son 10 ayda ölkədə 24.1 milyon ton neft hasil edilib

10:39 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 24.1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, neft hasilatının 13.9 milyon tonu Azəri-Çıraq-Günəşlinin, 3.5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0.5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6.2 milyon ton təşkil edib.

Bu dövrdə 19.9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17.4 milyon tonu konsorsiumların, 2.5 milyon tonu isə SOCAR-ın payına düşüb.

Neftin emalı 2024-cü ilin yanvar-oktyabr aylarında 5.5 milyon ton təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79.947 min ton olub. Sentyabrda bu rəqəm 78.7 min ton idi. Bunun 65.462 min tonunu xam neft, 14.485 min tonunu qaz kondensatı təşkil edib.