SOCAR metan sızmalarının aradan qaldırılmasına başlayıb

10:48 - 16.11.2024


16 noyabr, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın “İtalgas” şirkətinin əməkdaşlığı ilə metan sızmalarının aşkar edilməsi və onların aradan qaldırılması üçün qabaqcıl “Picaro” texnologiyasından istifadə etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində təşkil edilmiş “SOCAR-ın dekarbonizasiya sahəsindəki irəliləyişi: problemlər və nailiyyətlər” sessiyasında çıxışı zamanı bildirib.

“Biz artıq Bakıda bu texnologiyadan istifadə edirik. Pilot layihə 4 min kilometr qaz kəmərini əhatə edir və indiyədək onun 850 kilometri yoxlanılıb. “Picaro” sızmaları müəyyən etdikdən sonra xüsusi “Picaro” cihazları olan komandalarımız onları dəqiqləşdirmək və aradan qaldırmaq üçün sızma yerlərinə göndərilir. Bu hələ başlanğıcdır. Biz smart sayğacları, süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırırıq və gələn il keçiriləcək COP30-da əldə edilən irəliləyişləri bölüşməyə hazırıq”, – Ə.İsayev deyib.

Onun sözlərinə görə, SOCAR monitorinq, hesabat və yoxlama (monitoring, reporting and verification, MRV) sisteminin təkmilləşdirilməsinə də diqqət yetirir. “Keçən ilin sonunda mövcud sistemimizi yenidən təhlil etdikdən sonra onun kifayət qədər səmərəli və analitik olmadığı qənaətinə gəldik. Bu yaxınlarda yeni MRV sistemi seçdik, müqavilə bağladıq və onu tətbiq etməyə başladıq. Qərarların qəbulu üçün vaxtında və dəqiq məlumat vermək üçün o sistem metan süni intellekt sistemimizlə inteqrasiya olunacaq”, – Ə.İsayev qeyd edib.