P. Şahbazov: Azərbaycandan keçən yaşıl enerji dəhlizləri 10 QVt enerjinin Avropaya ötürülməsini təmin edə bilər

11:58 - 23.10.2024


23 oktyabr, Fineko/abc.az. Xəzər-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa yaşıl enerji dəhlizləri ümumilikdə təxminən 10 QVt enerjinin Asiya ilə Avropa arasında ötürülməsini təmin etmək perspektivlərinə malikdir.

ABC.AZ xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, daha geniş inteqrasiya olunmuş regional elektrik enerjisi bazarlarının yaradılmasını dəstəkləyən bu dəhlizlər üzrə əməkdaşlıq Çinin “karbon neytrallığı” hədəfinə, Mərkəzi Asiya və Azərbaycandan yaşıl enerji idxal etməklə enerji təchizatını şaxələndirməsinə töhfə verə bilər.

“Dənizdə yaşıl enerji layihələri, elektrik şəbəkələrinin genişləndirilməsi, elektrik ötürücü xətlərin inşası, enerji saxlama sistemləri və bərpaolunan enerji texnologiyaları üzrə investisiya və inkişafyönümlü əməkdaşlıqla Çinin bu dəhlizlərdə geniş iştirak imkanları var”,- deyə nazir əlavə edib.

Konfransın yekununda “Kəmər və Yol Yaşıl Enerji Əməkdaşlıq Fəaliyyət Planı” qəbul olunub.