"Kontakt Home"dan daha bir şikayət - Bu dəfə jurnalisti aldatdılar

10:17 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. "Kontakt Home" şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır. Şirkət alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir”.

ABC.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya bir müddət öncə mağazadan mobil telefon alan jurnalist Çingiz Səfərli məlumat verib.

O bildirib ki, "Kontakt Home"un İnşaatçılar filialından aldığı “Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarmaq istəyib, lakin şirkət razılıq verməyib. "Əslində “Samsung A32” model telefon almaq istəyirdim.

Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və həmin məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım.

Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən “Samsung A32” markalı telefonun 64, “A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim.

Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim”, deyə jurnalist bildirib.

Çingiz Səfərlinin sözlərinə görə, mağazada ona ekspertə yönləndiriblər: “Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım".