Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

14:47 - 10.08.2021


10 avgust, Fineko/abc.az. 2021 -ci ilin I yarısında Azərbaycan Gürcüstandan 113,5 milyon dollar dəyərində 16 min 906 avtomobil idxal edib. Bu isə eyni dövr ilə müqayisədə 64,8 % (6 649 avtomobil) çoxdur.

Gürcüstan Milli Statistika Xidməti məlumatına əsasən, I yarımildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.

Bu dövrdə Azərbaycan 7,9 % payla Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ümumi ticarətdə Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

İlin birinci yarısında Gürcüstan Azərbaycana 244,3 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 % çoxdur.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxalı 6,7 % azalaraq 248,8 milyon dollara düşüb.