İran Hörmüz boğazında 45 tankeri "qara siyahı"ya saldı – Gəmilərin saxlanılması və yükün müsadirəsi riski var

15:49 - 24.08.2026


24 avqust, Fineko/abc.az. İran Hörmüz boğazından keçid qaydalarını pozduğu iddia edilən 45 tankeri "qara siyahı"ya daxil etdiyini və həmin gəmilərlə yük daşıyan bütün digər su nəqliyyat vasitələrinə karşı tədbirlər görəcəyini bəyan edib.

"Reuters" agentliyinin məlumatına görə, Tehran tərəfindən boğazın idarə olunması üçün yeni təsis edilmiş Bəsrə Körfəzi Boğazı Qurumunun açıqlamasında bildirilir ki, siyahıdakı gəmilərə qarşı cərimələr tətbiq oluna, həmçinin onlar saxlanılaraq daşıdıqları yüklər müsadirə edilə bilər.

Siyahıda iri həcmli xam neft tankerləri, mayeləşdirilmiş təbii qaz (LNG), sıxılmış neft qazı (LPG) daşıyan gəmilər və təmizlənmiş neft məhsulları daşıyıcıları yer alır. Sözügedən gəmilərin bir qismi Birləşmiş Ərəb Əmirliklərinin "ADNOC Logistics and Shipping", onun törəmə müəssisəsi "Navig8 Tankers" və Səudiyyə Ərəbistanının milli dənizçilik şirkəti "Bahri"yə məxsusdur.

Məlumata görə, "qara siyahı"ya düşmüş tankerlərlə gəmidən-gəmiyə yük boşaldılması və ya qəbulu əməliyyatlarını həyata keçirən digər bütün gəmilər də məhdudiyyətlərə məruz qala bilər.