"Brent" neftinin qiyməti 79,08 dollara düşüb — İran və Umman danışıqları bazara təsir edir

09:47 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Dunya bazarında neft qiymətləri ucuzlaşıb. İnsidentlərin yumşaldılması məqsədilə İran və Umman arasında aparılan danışıqların Vaşinqton və Tehran arasında sülh razılaşmasına yol aça biləcəyi və Hörmüz boğazının yenidən dəniz daşımalarına tam açıla biləcəyi gözləntiləri qiymətlərə təzyiq göstərib.

"Brent" markalı neftin fyuçersləri 0,5% ucuzlaşaraq barreli 79,08 dollara (təxminən 134,44 manat), ABŞ-nin WTI xam neftinin qiyməti isə 0,7% itki ilə 74,69 dollara (təxminən 126,97 manat) geriləyib. Bazar ekspertlərinin qiymətləndirməsinə görə, investorlar artıq tərəflərin iyunun 17-də əldə etdiyi müvəqqəti razılaşmadan sonra daimi bir anlaşmaya çatıb-çatmayacağını yaxından izləyirlər.

Qiymətlərin ucuzlaşmasına həmçinin ABŞ-də xam neft ehtiyatlarının artması da təsir edib. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, 31 iyulda başa çatan həftədə ölkədə neft ehtiyatları 1,5 milyon barrel azalma gözləntilərinin əksinə olaraq 2,5 milyon barrel artaraq 407 milyon barrelə çatıb.