"Şəfəq-Asiman" blokunun qiymətləndirilməsi üçün yeni quyu qazılacaq — bp

15:54 - 6.08.2026


6 avqust, Fineko/abc.az. "Şəfəq-Asiman" dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi aparılacaq. Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.

Məlumata əsasən, bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər həyata keçirilir. Nəzərdə tutulan işlərin icrasına imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında "Şəfəq-Asiman" Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operatorluq fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "Şəfəq-Asiman" sazişində iştirak payları belədir: bp (operator – 35%), SOCAR (35%) və "TPAO" (30% — 2025-ci ilin iyun ayında sazişə qoşulub).