bp-nin Azərbaycan vətəndaşı olan işçilərinin sayı 2 360-ı ötüb

15:58 - 6.08.2026


6 avqust, Fineko/abc.az. 2026-cı ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 363 nəfər təşkil edib. Bu göstəriciyə müddətli müqavilə əsasında çalışan əməkdaşlar da daxildir.

Bu barədə "bp Azerbaijan" şirkətindən bildirilib.

Şirkətin məlumatında qeyd olunur ki, 2018-ci ilin ortalarından etibarən bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə 100 faizi yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksəksəviyyəli kadrlar üzrə yerli əmək bazarını yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcəyini vurğulayıb.