21:31 - 6.08.2026
6 avqust, Fineko/abc.az. "Qarabağ" yatağında aparılan seysmik tədqiqatlar nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.
Məlumata əsasən, yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması və işlənmə strategiyalarını optimallaşdırmaq məqsədilə bu il dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat keçirilib. 2025-ci ilin dekabrında başlayan tədqiqat qrafiki qabaqlayaraq martın ortalarında başa çatdırılıb. Həmçinin may ayında yataqda platformanın və digər infrastrukturun təhlükəsiz quraşdırılması üçün geoloji riskləri müəyyənləşdirən yüksəkdəqiqlikli (HR/UHR) seysmik tədqiqat işləri tamamlanıb.
"Əşrəfi-Dan ulduzu-Aypara" (ADUA) layihəsi üzrə isə aprel ayında suyun 20-40 metr dərinliyində ikiölçülü (2D) HR seysmik tədqiqat aparılıb. Tədqiqatın əsas məqsədi 1500 metr dərinliyədək qatlar haqqında ətraflı məlumat əldə etməklə gələcək kəşfiyyat quyularının qazılması zamanı yeraltı geoloji riskləri müəyyənləşdirməkdir. ADUA bloku üzrə Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin yekun variantı isə 2026-cı ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.