Rusiya sağtərəfli sükan ilə avtomobillərin istifadəsinə dair riskləri araşdırır

20:10 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Rusiya Daxili İşlər Nazirliyi Sənaye və Ticarət Nazirliyi və “NAМИ” Federal Dövlət Unitar Müəssisəsi ilə birlikdə sağtərəfli sükan ilə avtomobillərin istismar xüsusiyyətləri və yol təhlükəsizliyinə təsiri üzrə kompleks təhlil aparır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat verib. Qurumun açıqlamasına görə, məqsəd sağtərəfli sükan ilə avtomobillərin istismarı ilə bağlı risklərin qiymətləndirilməsidir və bu işlər üzrə aidiyyəti qurumlar birgə fəaliyyət göstərir.

Araşdırmanın nəticələrinə əsasən, müvafiq təkliflər hazırlanaraq səlahiyyətli orqanlara təqdim olunacaq.

Rusiya hökuməti daha əvvəl yol hərəkəti təhlükəsizliyinin artırılması planı çərçivəsində sağtərəfli sükan ilə avtomobillərin qəza risklərinə təsirinin öyrənilməsini təsdiqləmişdi. Lakin hazırda belə avtomobillərin qadağan edilməsi və ya əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.