10:46 - 2.02.2026
2 fevral, Fineko/abc.az. 2025-ci ilin sonuna bank sektoru üzrə kapital adekvatlığı göstəricisi minimum requlyativ normativi 2 dəfəyə yaxın üstələyir ki, bu da sektorun yaxşı kapitallaşması deməkdir.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev bildirib.
O qeyd edib ki, strategiyanın ötən 2 ili (2024-cü və 2025-ci il) ərzində bankların aktivləri 16 %-dən çox artaraq 57 milyard manatı üstələyib.
Bankların aktivlərinin ÜDM-ə nisbəti cari strateji dövrdə 4 faiz bəndindən çox artaraq 44 %-i keçib.
Sektorun kredit portfeli son 2 ildə 30 % artaraq 30 milyard manatı üstələyib. Bankların biznes kreditlərinin ümumi həcmi 2004–2025-ci illər ərzində 28 % artaraq 16,1 milyard manatı ötüb.
Əhalinin banklarda olan əmanətlərinin həcmində də davamlı artım müşahidə olunmaqdadır. Son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artaraq 16,3 milyard manat təşkil edib.
Sevindirici haldır ki, əmanətlərin mütləq artımı ilə yanaşı, yeni əmanətçilərin sayında da müsbət dinamika müşahidə olunur. Nəticədə, 2025-ci ildə müvafiq göstərici 29 % və ya 43,6 min nəfər artaraq 194,1 min nəfərə çatıb. Bank sektoruna artan inamın mühüm göstəricilərindən biri də dollarlaşma meyillərinin azalmasıdır.
Qeyd edək ki, 2025-ci ilin sonuna bankların kredit və fiziki şəxslərin əmanət portfellərinin dollarlaşması müvafiq olaraq 14,2 % və 31,5 % olmaqla, tarixi minimum göstərici səviyyəsindədir. ©Report