Azərbaycanda canlı heyvanların, tez xarab olan malların və media materiallarının gömrük rəsmiləşdirilməsi sadələşdirilir

14:17 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Azərbaycana idxal olunan bir sıra xüsusi kateqoriyalı yüklərin, o cümlədən media materialları, tez xarab olan mallar və canlı heyvanların gömrük rəsmiləşdirilməsi üzrə sadələşdirilmiş qaydalar hazırlanacaq.

Bu yenilik Prezident İlham Əliyevin "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı imzaladığı yeni fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə 6 ay müddətində aşağıdakı malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb:

  • Canlı heyvanlar və tez xarab olan mallar;

  • Media məqsədləri üçün materiallar (audiovizual, çap, onlayn media və informasiya agentlikləri);

  • Döyüş təyinatlı hərbi silah-sursat, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan mallar;

  • Radioaktiv maddələr;

  • Azərbaycanın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, həmçinin Mərkəzi Bankın ünvanına göndərilən mallar.

Bundan əlavə, fərmanla pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının hazırlanması da nəzərdə tutulur.