22:38 - 5.08.2026
5 avqust, Fineko/abc.az. ABŞ Senatının Maliyyə Komitəsinin nümayəndəsi, demokrat senator Ron Uayden federal tənzimləyici qurumları Uoll-Stritin (Wall Street) nəhəng banklarına qarşı araşdırmaya başlamağa çağırıb. Senator bankların qalmaqallı maliyyəçi Ceffri Epşteynə məxsus şübhəli əməliyyatlar barədə vaxtında hesabat vermədiyini və çirkli pulların yuyulması ilə mübarizə haqqında federal qanunları pozmuş ola biləcəyini bəyan edib.
Uaydenin 4 illik təhqiqatına əsaslanan hesabatda Bank of America, Deutsche Bank və JPMorgan Chase banklarının adı çəkilir. Hesabata əsasən:
Bank of America: Epşteynə ödənilən 170 milyon dollar məbləğində vəsaiti lazımi qaydada yoxlamayıb və bu barədə vaxtında məlumat verməyib.
Deutsche Bank: Epşteynlə bağlı, o cümlədən Rusiyadan və Şərqi Avropadan olan qadınlara köçürülən 250 milyon dollardan çox şübhəli pul transferlərini vaxtında bildirəməyib.
JPMorgan Chase: Şübhəli əməliyyatlar üzrə 1 milyard dollardan çox vəsaitin (o cümlədən Rusiya və Belarusdan olan qadınlara köçürmələrin) Xəzinədarlığa hesabat verilməsini ləngidib.
Banklar ittihamlara münasibət bildirib. JPMorgan iddiaları yalanlayaraq 2002-ci ildən etibarən şübhəli əməliyyatları hökumətə bildirdiyini və qanunvericiliyə uyğun davam etdiyini bəyan edib. Deutsche Bank və Bank of America hüquqi öhdəliklərinə ciddi yanaşdıqlarını, tənzimləyici orqanlarla əməkdaşlıq etdiklərini vurğulayıblar. ABŞ Xəzinədarlığı isə araşdırmalar barədə şərh vermədiyini qeyd edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026