15:19 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında Cəbrayıl rayonunda yerləşən "Şəfəq" Günəş layihəsi sahəsində tikinti işlərində ciddi irəliləyişlər əldə olunub. Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.
Məlumata əsasən, fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı tamamlanıb, ilk elektrik avadanlıqları sahəyə çatdırılıb. Aprel ayının əvvəlində isə ilk Günəş panelinin quraşdırılması ilə layihədə mühüm mərhələyə çatılıb.
Hazırda layihənin tikintisinə 420 nəfər yerli işçi cəlb olunub ki, onların da 150-si işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərdir. Tikintinin pik dövründə 700-dən çox iş yerinin yaradılması gözlənilir. Tikinti işlərinin 2027-ci ilin ortalarınadək tamamlanması planlaşdırılır.
Qeyd edək ki, "Shafag Jabrayil Solar Limited" şirkətində bp 40,01%, "SOCAR Green" 39,99%, Azərbaycan Biznesinin İnkişafı Fondu 10% və "MVM" 10% iştirak payına malikdir.
8 Avqust 2026
8 Avqust 2026