Azərbaycanda qeyri-neft mallarının ixracına yeni endirim və gəlir dəstəyi mexanizmi tətbiq olunacaq

15:43 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə ixracatçıların logistika xərclərinin dövlət tərəfindən subsidiyalaşdırılmasına başlanılır.

Prezident İlham Əliyevin "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə ixracatçıların logistika xərclərinə ciddi güzəşt və endirim mexanizmi tətbiq edilir.

Yeni qaydalar 2026-cı il sentyabrın 1-dən 2036-cı il sentyabrın 30-dək həyata keçirilən daşımalara şamil olunacaq. Dəmir yolu, hava, dəniz və ya Azərbaycan qeydiyyatlı avtomobillərlə daşımada nağdsız daşıma xərclərinin 70%-i, xarici avtomobillərlə daşımada isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Yuxarı hədd kimi gömrük dəyərinin avtomobil, dəmir yolu və hava nəqliyyatında 15%-i, dəniz nəqliyyatında isə 5%-i müəyyən edilib və sahibkara daha az olan məbləğ İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Bundan əlavə, daxili daşıma güzəşti çərçivəsində Naxçıvanda istehsal olunan yerli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı ödənilmiş nəqliyyat xərclərinin 70%-i sahibkarlara geri qaytarılacaq. Bu addımların logistika xərclərini optimallaşdırmaqla ölkənin ixrac potensialını kəskin artıracağı gözlənilir.