Maliyyə institutlarının korporativ idarəetmə standartlarına dəyişikliklər təsdiqlənib

11:29 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə institutlarında etik davranış standartlarının təkmilləşdirilməsi və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi məqsədilə normativ hüquqi bazada dəyişiklikləri təsdiq edib.

AMB-nin İdarə Heyətinin 7 iyul 2026-cı il tarixli qərarı ilə banklarda, sığortaçılarda, investisiya şirkətlərində, eləcə də ödəniş təşkilatları və elektron pul təşkilatlarında korporativ idarəetmə standartlarına və fəaliyyət qaydalarına dəyişikliklər edilib. Yeni tələblərə əsasən, maliyyə institutlarında müştəri şikayətlərinə baxılması üzrə müstəqil funksiya (ayrıca struktur bölmə və ya məsul şəxs) yaradılmalıdır.

Eyni zamanda, etik davranış qaydalarının əhatə dairəsi genişləndirilərək rəhbər və işçi heyəti üçün reputasiya risklərinin qarşısının alınması, maraqlar münaqişəsinin idarə edilməsi, dürüstlük və müştərilərlə ədalətli rəftar prinsipləri üzrə nəzarət mexanizmləri sərtləşdirilir.

Sözügedən dəyişikliklər 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.