ABŞ-də emal sənayesi fəallığı 4 ilin maksimumuna çatıb

22:27 - 3.08.2026


3 avqust, Fineko/abc.az. ABŞ-də tələbin güclü qalması, istehsalın sürətlə artması və müəssisələrin yeni işçilər cəlb etməsi nəticəsində iyul ayında emal sənayesi (istehsalat) fəallığı son 4 ildən çox müddətin ən yüksək səviyyəsinə yüksəlib.

ABŞ Tədarük İdarəetmə İnstitutunun (ISM) iyul ayı üzrə Emal Sənayesi İndeksi (PMI) 55,6 bənd təşkil edərək 2022-ci ilin may ayından bəri en yüksək göstəricini qeydə alıb. Sənaye sektoru ardıcıl yeddi aydır ki, artım və kiçilmə sərhədi sayılan 50 bəndlik həddin üzərində qərarlaşır.

Əsas göstəricilər üzrə dinamika:

  • İstehsal alt-indeksi: 58,5 bəndə yüksələrək 2021-ci ilin sonundan bu yana ən yüksək həddə çatıb.

  • Məşğulluq indeksi: İstehsalçıların son 33 ayda (2023-cü ilin sentyabrından bəri) ilk dəfə işçi sayını artırdığını göstərərək yenidən artım zonasına keçib.

  • İxrac və İdxal: İxrac indeksi 53,0 bəndlə 2022-ci ilin martından, idxal indeksi isə 55,7 bəndlə 2021-ci ilin iyunundan bəri ən yaxşı göstəricini nümayiş etdirib.

  • Qiymətlər: ISM qiymət indeksi iyulda 71,1 bəndə geriləsə də, ilin əvvəlindəki səviyyələrdən yuxarıda qalmağa davam edir.

Istehsalat sektorundakı canlanmaya istehlakçı tələbinin dayanıqlılığı, biznes investisiyaları və müdafiə xərcləri əsas təkan verici amil olub.