Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

12:03 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Bu barədə ABC.AZ AMB-yə istinadla xəbər verir.

Qeyd olunur  ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00% səviyyəsində sabit saxlayıb.

Qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

AMB vurğulayıb ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.